AZƏRBYACAN BƏSTƏKARLARININ YARADICILIĞINDA HƏRBİ MİLLİ MUSİQİ ƏNƏNƏLƏRİNİN TƏTBİQİ YOLLARI

AZƏRBYACAN BƏSTƏKARLARININ YARADICILIĞINDA HƏRBİ  MİLLİ MUSİQİ ƏNƏNƏLƏRİNİN TƏTBİQİ YOLLARI

Hərb musiqisi əsrlər boyu döyüşlərdə  düşməni qorxutmaq, döyüşçüləri ruhlandırmaq üçün istifadə olunur. Qədim hərb musiqisi irsimizin ən əzəmətli və qulağa çarpan janrları  Cəngi və marşlardır.Maraqlıdır ki, Azərbaycanın unudulmaz bəstəkarı Ü.Hacıbəyli Cəngini müstəqil janr kimi təqdim edir.  Lakin yaradıcılığının ilk mərhələsində o, əvvəla marş janrına müraciət edir. Bu təsadüfi deyil, çünki Ü.Hacıbəyli dövrün, zamanın nəbzini həssaslıqla duya bilən, xalqın daxili tələblərini hiss edə bilən və bu tələblərə musiqidə uyğun janrlar, formalar tapa bilən böyük sənətkar olmuşdur.

Azərbaycanda kütləvi mahnı janrının da ilk nümünələrini məhz Ü.Hacıbəyli yaratmışdır. Həmin mahnılarda müəyyən tarixi dövrlərdə cəmiyyətdə baş verən hadisələr öz əksini tapmışdır. O, 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə «Milli marş», «Azərbaycan marşı», «Çırpınırdın Qara dəniz»  və s. bu kimi vətənpərvərlik ruhunda himn xarakterli mahnılar yaratmışdır. Bu əsərlər uzun müddət itirilmiş hesab olunurdu. Lakin onlar Türkiyədə məşhurlaşmış və çap olunmuşdur. Yalnız 1980-ci illərdə Ü.Hacıbəylinin xatirə ev muzeyinin əməkdaşları tərəfindən tapılıb bərpa edilmiş və Azərbaycanda səsləndirilmişdir.

1920–30-cu illərdə Azərbaycanda sovet hakimiyyəti dövründə yeni həyat quruculuğu genişləndiyi zaman Ü.Hacıbəyli özünün vətənpərvərlik mahnıları ilə xalqı ruhlandırırdı.

Böyük Vətən müharibəsi illərində Ü.Hacıbəyli yenidən mahnı janrına müraciət edərək,  vətənpərvərlik mahnıları – “Çağırış”, “Yaxşı yol”, “Ananın oğluna nəsihəti”, “Şəfqət bacısı”, “Döyüşçülər marşı”nı və xalq çalğı alətləri orkestri üçün “Cəngi” qəhrəmanlıq pyesini yazmışdır.

1917-ci ildə Ü.Hacıbəyli  “Miili marş” adlı əsərinin  birinci variantı  yazmışdır. 1919-cu ildə yenidən işlənib, o zaman hökümət tərəfindən dövlət himni üçün elan olunan müsabiqəyə təqdim edilmiş, birincilik qazanmışdır. Lakin 1920-ci il aprel  çevrilişindən sonra ifa olunmamış, notları  isə itirilmişdir və yalnız bir səsli halda türk musiqişünası Etem Üngörün “Türk marşları” kitabında  1996-cı ildə  çap olunmuşdur.

1917–ci il 4 yanvar (22 dekabr) “Açıq söz” qəzetində  Ü.Hacıbəyli “Milli marş” haqqında belə yazır:  “Möhtərəm “Açıq söz”ün keçən nömrəsində Yusif Vəzirov əfəndi “Milli marş” lüzumundan bəhslə əzcümlə mənə dəxi müraciət etmişdi. Əlbəttə, hər bir millətin milli marşları və himnləri vardır və bu   nəğmələrin həyati-milliyə üzərindəki gözəl təsirləri sübut edilmiş bir həqiqətdir. Baxüsus bu zamanda bizim dəxi buna böyük ehtiyacımız vardır. Milli bir qəsidə (himnə qəsidə desək, şərqi sözündən daha düz olar) yazmaq haqqında bən bir müddətdir ki, çalışıram. Hələlik bir milli marş yazıram ki, sözlərini burada dərc etməyi lüzumsuz bilmədim. Ancaq bu sözlərin vəzn cəhətincə düzgün olmadığının səbəbini qabaqca söyləməliyəm; Qədim Yevropada və bu gün bizlərdə musiqinin vəzni şerin vəzninə tabe olur. Halbuki bu gün Yevropada musiqiyə xüsusi bir vəzn verilib, şeri ona tabe edirlər. Bunun izaha ehtiyacı vardır ki, ancaq məqamı deyildir. Onu demək istəyirəm ki, həmin sözlərin vəzni musiqisinə tabedir. Həmin marş bu şənbə günü Tağıyevin teatrosunda “O olmasın bu olsun” oynundan qabaq orkestr ilə çalınıb ümumi artistlər tərəfindən oxunacaqdır. Qəbula keçərsə çox şad olaram. “Açıq söz” qəzetəsinin bu marşı əlbəttə ki, teatroda bir nümunə kibi çalınıb, oxunacaq. Yoxsa rəsmi qəbul edilmiş bir nəğmə kibi daha tələqqi olunmayacaqdır. Bu, ancaq səlahiyyətli bir müəssiseyi-millinin təsdiqi ilə hasil ola bilir ”.

1991-ci ildə “Milli Marş”  bəstəkar S.Fərəcov tərəfindən yenidən redaktə edilmiş, dörd səsli xor və simfonik orkestr üçün işlənmişdir. Qeyd edək ki, Milli marşın sözləri də Ü.Hacıbəyliyə məxsusdur.

“Əsgər marşı” Ü.Hacıbəylinin 30-cu illərin əvvəllərində yazdığı marşdır. Əsərin sözləri M.S.Ordubadiyə məxsusdur. Yeri gəlmişgən qeyd edək ki, Ordubadi Məmməd Səid görkəmli Azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçisidir. Məlumdur ki, Ü.Hacıbəyli ilə M.S.Ordubadi arasında uzun illər qarşılıqlı yaradıcılıq əlaqələri olmuşdur. Məhz “Əsgər marşı” əsəri də həmin yaradıcılıq əlaqəsinin bir nəticəsidir.

1937-ci ildə Ü.Hacıbəyli yaradıcılığında kulminasiya mərhələsi olan  «Koroğlu» operası səhnədə qoyuldu. Azərbaycanda, ümumiyyətlə Zaqafqaziyada, Orta Asiya, Türkiyə və İranda geniş yayılmış «Koroğlu» xalq dastanı operanın süjet əsasını təşkil edir. Operanın musiqisində Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdə dünyagörüşü əksini tapır.  Beş pərdəli operanın üçüncü pərdəsində Ü.Hacıbəyli ilk dəfə olaraq  cəngi xalq rəqsi ruhunda  bayram əhval-ruhiyyəli, birlik hislərini tərənnüm edən qəhrəmanlıq “Rəqs” nümunəsini yazır.

İlk dəfə Azərbaycan musiqisində Cəngi rəqsi məhz dahi bəstəkarın yaradıcılığında tətbiq olunur. O, 1941-ci ildə Xalq çalğı alətləri orkestri üçün eyniadlı əsər yazır. Qeyd edək ki, II Dünya Müharibəsi illərində  dünya mədəniyyətində olduğu kimi, Azərbaycan sənətkarları müharibə kimi qlobal miqyaslı hadisəyə özünəməxsus şəkildə reaksiya verib. Bu hadisə Azərbaycan musiqi yaradıcılığının  bütün janrlarında da öz təcəssümünü tapır. Vətənpərvərlik ideyaları – müharibə dövründə ədəbiyyat və incəsənətin başqa sahələrində olduğu kimi musiqi sənətinin də əsas məzmununu təşkil edir. Təsadüfi deyil ki, məhz bu zaman milli musiqidə simfoniya, kantata-oratoriya, həmçinin hərbi marşlar, rəqslər, mahnılar bəstələnir. Musiqi tarixi onu sübut edir ki, tarixi anların çətin dövründə sənət insanları daima öz etiraz səsini ucaldır. Azərbaycan musiqisində 40-cı illərin əvvəllərində irihəcmli əsərlərlə yanaşı, kiçik həcmli əsərlər də yaranır ki, bunlar da cəbhədə əsgərlərə ruh yüksəkliyi aşılamaq, dəstək naminə səsləndirilir. Məhz bu illərdə Ü.Hacıbəyli “Cəngi” əsərini yazır. Dahi sənətkar  tərəfindən qoyulan bu ənənə sonralar müxtəlif bəstəkarların  yaradıcılığında özünəməxsus inkişafını tapır. Onların sırasında S.Hacıbəyov, İ.Hacıbəyov, A.Əlizadə, S.Ələsgərov, V.Adıgözəlov, R.Mustafayev, E. Dadaşova və s. bu kimi bəstəkarların adlarını qeyd etmək olar.

Ü.Hacıbəylinin qoyduğu ənənəni davam etdirən sənətkarlar arasında A.Əlizadə özünəməxsus yer tutur. Dahi sələfinin ənənələrinə dayaqlanaraq sənətdə öz yolunu tapmış, öz üslubunu yaratmış A.Əlizadə Azərbaycan mədəniyyətinin ən istedadlı və özünəməxsus simalarından biridir. Ədəbiyyat və incəsənətə yeni nəfəs, əhəmiyyətli dəyişiklər, əsl yaradıcılıq azadlığı gətirən, milli şüuru dirçəldən, xalqı özünə, tarixinə, söykökünə qaytaran 60-cı illər Azərbaycan musiqisində də yeni mərhələ açmışdır. Təsadüfi deyil ki, A.Əlizadə də  “Cəngi” əsərini yaradır.

Ü. Hacıbəylinin musiqisinə xas gözəllik və nəciblik, həssas forma duyumu, xəlqilik, sözün əsl mənasında, klassik təfəkkür tərzi A.Əlizadənin yaradıcılığında yeni səpkidə, müasir görümdə davamını tapır. Bəstəkarın öz sözləri ilə desək, Üzeyir musiqisi onun canına hopub, sənətdə yol göstərən ulduza çevrilib.

“Cəngi”  əsərini bəstəkar 1978-ci ildə qoboy və simli orkestr üçün yazmışdır. A.Əlizadənin bu əsərini  dinləyərkən vətənimizin milli qəhrəmanları, onların ana torpaq uğrunda mübarizəsi, döyüş səhnələri gözlər önündə öz parlaq əksini tapır.  Elə ilk xanələrdən qəhrəmanlarımızın at üzərində, əllərində qılınc və qalxanlarla döyüş səhnələri təsəvvürlərdə canlanır.

1975- ci ildə Azərbaycan musiqisinin klassiki Ü.Hacıbəylinin 90 illik yubileyi qeyd edilir.  Azərbaycanın Xalq artisti, dövrümüzün görkəmli pianoçusu  F.Bədəlbəyli yazır: “Mən istərdim ki, yubiley konsertində yeni bir əsərlə çıxış edim”.  İ.Hacıyevlə söhbət əsnasında bu fikirlərimi onunla bölüşdüm və  təklif etdim: “Mənim üçün  Ü.Hacıbəylinin “Cəngi”si ruhunda  bir əsər yaz. Hansı ki, güclü və mərdanə bir əsər olsun.  Bir neçə gün sonra biz İ.Hacıyevlə görüşdük və o, yeni əsərin eskizini göstərdi.  Bu, “Cəngi” mövzusunda rapsodiya idi. Həmin an əvvəl  əsərin nə ilə nəticələnə biləcəyini söyləmək çətin idi, amma dərhal bildim ki, bu,sadəcə olaraq, tanınmış bir mövzunun transkripsiyası deyil … » .

Düşüncələri ilə bölüşən İ.Hacıbəyov belə fikir söyləmişdir: «Bəstəkar üçün çoxlu  musiqiçi və yaxın dost nə deməkdir? Bəzən bu impulslar bəstəkarı illər boyu yetişən bir şeyi həyata keçirməyə vadar edir». Cənginin yaranışı belə baş verdi.  Fərhad Bədəlbəyli, mənə Ü.Hacıbəyli mövzusunda fortepiano kompozisiyası yazmağı təklif etdi. O, birbaşa hədəfə çatdı: artıq illərdir ki, mən milli klassik bir mövzuya əsaslanan bir iş yaratmağı düşünürdüm”.

Beləliklə, S.Raxmaninov modelinə («Paganini mövzusuna Rapsodiya») istinad edərək, bəstəkar Azərbaycan konsert janrında ilk transkripsiyanı yaradır. Rapsodiya Ü.Hacıbəylinin məşhur «Cəngi» əsərinin mövzusunun yeni bir ifadəsidir. Mövzunun simfonik inkişafı qəhrəman  insanlara himn kimi səslənir.

Əsər  fortepiano və simfonik orkestr üçün yazılmışdır.   Azərbaycan musiqisinin ekspressiv və kəskin dramatik ladlarından biri olan  Çahargah  üzərində qurulmuşdur.

Rapsodiyada bəstəkar simfonik orkestrin böyük tərkibindən istifadə edərək,  xüsusi rolu zərb alətlərinə tapşırmışdı. Litavranın çağırış səslənməsi fortepiano partiyasını (girişin mövzusu) hazırlayır. Musiqi  zirvə-kulminasiyadan başlanır və  bu   coşqun axın fortepianonun bütün registrlərini əhatə edir.

İ.Hacıbəyli yazırdı: “Cəngi» — əsərində mən istərdim ki,  məkan-zaman əlaqələri bir əsərdə Azərbaycan peşəkar musiqisinin inkişafının ekstremal nöqtələri birləşsin.  Bu məqsədlə mən Ü.Hacıbəylinin  tematik materialını Q.Qarayevin ifadə prinsipləri və musiqi dramaturgiyasıyla birləşdirdim.  Böyük Azərbaycan klassiki Ü.Hacıbəylinin klassik mirasına İ.Hacıbəyov çox ehtiyatla yanaşdı. Bu yalnız onun Ü.Hacıbəyova hörmət haqqı deyildi, həm də onun ənənələrinin xüsusi davamıyla, yenə onun ölməz yaradıcılığını müasir bəstəkar texnikasının vasitələri ilə əbədiləşdirmək arzusu idi.  Beləliklə, İ.Hacıbəyov bu əsərini rapsodiya adlandırdı.

C.Quliyev çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin ən istedadlı və çalışqan, öz dəst-xətti olan nümayəndələrindən biridir. Onun yaratdığı əsərlər, janrından və tutumundan asılı olmayaraq, milli musiqi mədəniyyətimizdə yeni söz,  yeni nəfəs kimi yozulur.

C.Quliyevin yaradıcılığında vətənpərvərlik mövzusu  böyük yer tutur. Burada doğma Azərbaycanın tərənnümü ilə yanaşı şəhidlər mövzusu, türkçülük ideyaları, habelə milli ordumuzla bağlı tematika öz əksini tapır. Onun mahnıları arasında B. Vahabzadənin sözlərinə yazılmış «Türkün türklə ədavətə haqqı yox», F.Bağırzadənin sözlərinə «Azərbaycan», A. Abdullazadənin sözlərinə «Şəhidlər andı» və başqalarının adlarını çəkmək olar. Belə əsərlərindən biri də 1992-ci ildə yazılmış sözləri Əhliyət Süleymanova məxsus olan  məşhur “Əsgər marşı”dır.

Ü.Hacıbəyli,  A.Əlizadənin “Cəngi” ənənələrinin  davamını  Elnarə Dadaşovanın  “Döyüş cəngisi”ndə görmək olar. Bəstələdiyi  musiqini insanlara bəxş etməkdən zövq alan, öz əsərləri ilə insanlarda nikbinlik doğuraraq, E.Dadaşova illərdir ki yazıb-yaradır, şərəfli yaradıcılıq ömrü sürür.  Yeniləşməyi sevən bir sənətkar kimi o, istər janr, istər forma, istərsə də musiqi dilinin orjinallığı ilə mütəxəssislərin daima diqqət mərkəzindədir.

E.Dadaşovanın  musiqisində müdrik muğamlarımızın təsirli avazı, döyüşkən cəngilərin harayı, həzin nəğmələrimizin ahəstə zümzüməsi, odlu rəqslərin oynaq ritmləri, aşıq musiqisinin həyatsevər ruhu yaşayır və  səslənir.

E.Dadaşova hər zaman qəlbinin dərinliklərində doğma yurdunun ağrı və acılarını yüksək həssaslıqla  əsərlərində  əks etdirir.  Bəstəkarın bu səpkidə yazılan əsərlərinə “Vətən”, “Vüqarlı dağları sevirəm,Vətən”, “Qalx yürüşə, Azərbaycan, “Biz vətən əsgəriyik”, “Vətən keşiyində igid əsgərəm” və s. bu kimi əsərlərin adlarını qeyd etmək  olar. Belə əsərlərdən biri də “Döyüş cəngisi” dir.

“Döyüş cəngisi”  1993-cü  Bəşir Quliyevin sözlərinə yazılmışdır.  Bəstəkar əsərin yaranmasını  belə xatırladı: “Bilirsiniz ki, əsərin yarandığı tarix ən  gərgin zamanlar, içimizi oyan  bir dövr idi.  Bu şeri ilk dəfə bacım mənə gətirdi.  B.Quliyev Pedoqoji Universitetdə dərs deyən müəllim idi. Şeirlə tanış oldum və mənim xoşuma gəldi. Əsəri yazdım və belə qərara gəldik ki,  Xalq Çalğı Alətləri orkestrində Faiq Sadıqovun dirijorluğu ilə ifa edilsin.  Hesab edirdik ki, Azərbaycanın xalq artisti Mobil Əhmədov oxusa çox yaxşı olardı.  Mən açığı inanmırdım ki, M. Əhmədov belə bir əsəri oxuya bilər.  Çünki  Azərbaycanın xalq artisti M.Əhmədovu biz gözəl operetta  ifaçısı kimi tanıyırıq. Lakin buna baxmaraq o, əsəri hər nöqteyi-nəzərdən olduqca ideal şəkildə oxudu.  Bu məqamda qeyd edim ki,  o zaman M.Əhmədovun tələbəsi Ramil Qasımov da onu öz ifasında yazıya aldı.  R.Qasımov xahis etdi ki, əsəri böyük orkestr üçün də  işləyim.  Beləliklə,  əsər xalq çalğı alətləri ilə yanaşı,  böyük orkestr üçün də işlənmişdir.  16 yanvar 2018-ci il tarixində  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən  yubiley konsertimdə  əsər  Böyük orkestrin və eyni zamanda,   Fəxri  Kazım Nicatın ifasında səsləndi. Yeri gəlmişgən qeyd edim ki, “Döyüş cəngisi” böyük orkestrin ifasında yazıya da alınmışdır”.

E.Dadaşovaya Cənginin məhz vokal nümunəsinə müracıət etdiyini belə izah edir: “Çünki söz daha bitkin və konkretdir. Burada bizim içimizi oyan bir məsələ var idi. Şuşa məsələsi. Məqsədimiz məhz bunu önə çıxartmaq idi. Bunu yalnız sözlə konkret nöqtəyə vurmaq olardı.  Bir var ki, rəmzi məna daşıyan, bir də var ki,  konkret  bizim yükümüz olan,  elə yük ki, bu günə qədər o yükü hələ biz  nə yerə qoya bilirik, nə də onu həll edə bilirik.  Bu nöqteyi-nəzərindən söz təbii ki, lazım idi.  Çünki bizim  bu keçirtdiyimiz istirabları yalnız söz tamamlayırdı.  Təbii musiqi də o emosiyanı ötürürdü. Lakin söz konkret olaraq o cənginin həmin hadisələrlə bağlı olaraq yazıldığını vurğulayırdı. Məqsədim  o zaman elə-belə kabinetdə oturub sıradan cəngi yazmaq deyildi. Bu mənim  həmin dövrdə  bir bəstəkar kimi silahım idi”.

Azərbaycan hərbi musiqi ənənələrinin təşəkkülü və onların bəstəkarımızın yaradıcılığında təcəssümü olduqca aktual problemlərdən biridir. Uzun tarixi inkişaf yolu keçmiş milli hərbi musiqi ənənələrimiz müxtəlif janr və üslub xüsusiyyətlərində özünü biruzə verir.  Muğam sənəti, aşıq yaradıcılığı, tarixi-qəhrəmani mahnılar, yallı, cəngi və bu kimi rəqslərdə xalqın döyüşkən, mübariz  ruhu həkk olunur.

XX əsrdə dahi Ü.Hacıbəylinin səyləri nəticəsində formalaşan bəstəkar yaradıcılığında xalq musiqi janrlarının tipoloji xüsusiyyətləri öz əksini tapır. Onların sırasında milli hərbi musiqi ənənələri özünəməxsus yer tutur. İlk dəfə olaraq dahi Ü.Hacıbəylinin yaradıcılığında tətbiq olunan bu ənənələr, sonradan  Q.Qarayev, F.Əmirov, İ.Hacıbəyov, S.Ələsgərov, A.Əlizadə, C.Quliyev, E.Dadaşova və başqa sənətkarların   əsərlərində  öz davamını tapır. Burada xüsusi marağı milli hərbi musiqinin orijinal janrı olar Cəngi və  Marş doğurur. Bu əsərləri araşdırmaq,  onların arasında ümumi və fərqli cəhətləri üzə çıxarmaq, milli musiqi mədəniyyəti haqqında daha dolğun təəssürat yaratmağa imkan verir.

Milli xalq melosu ilə sıx vəhdət təşkil edən bu əsərlər məzmun, melodik-harmonik dil, koloritli səslənmə etibarı ilə diqqəti cəlb edirlər. Klassik və milli musiqi sənətinin həmişəyaşar ənənələrinə möhkəm arxalanaraq, bəstəkarlar eyni zamanda, bu ənənələri öz dəsti-xəttinə xas üsullar ilə canlandırırlar.

Beləliklə,  Ü.Hacıbəyli və milli hərbi musiqi ənənələrini  öz dəst-xəttinə xas yazı üsulları ilə qovuşdurmuş Q.Qarayev, S.Ələsgərov, İ.Hacıbəyov, A.Əlizadə, C.Quliyev, E.Dadaşova, onları daha da   yüksək bədii səviyyəyə ucaltmışlar.

Ülkər Nəsirovanın «Azərbaycan bəstəkarlarının yaradıcılığında milli hərbi musiqi ənənələrinin təcəssümü» adlı Monoqrafoyasından

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

Azərbaycan və türk  dilində:

1.     Abbasova E., Karaqiçeva L., Fərhadova R. “Qara Qarayev”. Bakı: “İşıq”, 1978.

2.    Abdullayeva S. “Koroğlu” dastanında aşıq sənəti, çalğı alətləri, eyni adlı hava və instrumental silsilələri. // “Musiqi dünyası” jurnalı №3-4/Э29-2006, s.91-97.

3.    Azərbaycan dastanları. Toplayıb nəşrə hazırlayanı A.Nəbiyev. Bakı: “Gənclik”. 1977, 171 s.

4.    Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild. Bakı, Şərq-Qərb, 2006 səh. 404.

5.    Azərbaycan xalq dastanları. Toplayanı və tərtib edəni Ə.Axundov. Bakı: “Yazıçı” 1980, 250 s.

6.    Bağırova M., Məmmədov E. «Qədim və Orta əsrlər Azərbaycanın idman tarixindən» «İrs» jurnalı. 1(20) , yaz, 2015. Səh. 36-43.

7.    Bədəlbəyli Ə. “Musiqi lügəti” — “Elm” nəşriyyati.Bakı-1959.

8.    Bədəlbəyli Ə. İzahlı monoqrafik lüğət. Bakı, Elm, 1969.

9.    Dadaşzadə K. Musiqi qorqudşünaslığına dair bəzi mülahizələr, yaxud qorqudşünaslığın «ağ ləkələri» haqqında. «Musiqi dünyası» jurnalı 1999, ¹1,s.39-41.

10. Eldarova Ə.M. Azərbaycan aşıq sənəti. Bakı-1996.

11. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı-1978.

12. Gazimihal M. R., Türk askerо muzikalari tarihi, Istanbul, 1955;

13. Hacıbəyli Ü. Azərbaycan xalq musiqisinin əsasları. Bakı: “Yazıçı” 1985.

14. Hacıbəyli Ü. Azərbaycan türklərinin musiqisi haqqında. Bakı, Adiloğlu,  2005,76s

15.  Hacıbəyli Ü. “Vətən müharibəsi günlərində Sovet Azərbaycanının musiqi” məqalələr məcmüəsinə müqəddimə Bakı,1945

16.  Hacıbəyova Ü. “Sənət fəadilər. Hacıbəyovların müsiqi dünyası”. Bakı-2006.

17.  Hüseynli B. Azərbaycan xalq rəqs musiqisinin klassifikasiyası //Azərbaycan incəsənəti. XII c. Bakı: AEA-nm nəşriyyatı, 1968,169s.

18.  Xalıqzadə. F — “Kitabi-Dədə qorqud” və musiqi poetikasının bəzi məsələləri. Musiqi Dünyası. №2(3) 2000

19.  Xaliqzadə F. «Kitabi-Dədə Qorqud»un musiqi sözlüyü. Azərbaycan Respublikası Elmlər Akademiyası. «Dədə Qorqud» məqalələr məcmuəsi.

20.  İ.Alov – “Müharibənin qadın tanrıları…” — Dərc olunub 30 may 2016, Meydan Tv

21.  İradə S. “Milli rəqslər mədəniyyətimizin vacib qolu kimi..” — ”Bakı xəbər.-  2015.- 10-12 aprel.- S. 15.)

22.  İsmayılov M. Azərbaycan xalq musiqisinin janrları. – Bakı:  Azərbaycan SSRİ Elmlər Akademiyasının Nəşriyyatı, 1960

23.  Kitabi-Dədə Qorqud (Tərtib edəni Araslı. H.) Bakı-1977.

24.  Qasımlı M. Aşıq sənəti. Bakı-1996.

25.  Qasımov Q. Orta əsrlərdə yazılmış bir musiqi traktatı haqqında// Azərb.EA-nm məruzələri. No1, Bakı: 1957,s.99.

26.  Ləman Leiba. Cəngi və 战歌 PY[zhàngē]/[cənqı]:Azərbaycan və Çin hərb musiqisində eyni janr və iki ölkənin hərb ənənələrinin təcəssümü kimi.//“Musiqi dünyası”  jurnalı  №2  (67)2016

27.  Mahmut Ragib Gazimihal. Türk vurmali calgilari. Ankara-1975.

28.  Məmmədov C. “İdman və musiqi: insana motivasiya verən iki əsas amil”. Bakı: 2017

29.  Məmmədov T. “Koroğlu aşıq havaları”. Bakı, 2009

30.  Məmmədova H.V. “Tarixi-qəhrəmanlıq mövzusu Azərbaycan bəstəkarlarının operalarında” dərs vəsaiti. Bakı: 2014

31.  Məmmədova G. “Naxçıvan musiqi folkloru” Bakı,2012

32.  Nəcəfzadə A. Çalğı alətlərimiz. Bakı, 2004 4 səh.20-21

33.  Osman Aydın Öğüt (Türkiye) — Askeri bandolar tarihi

34.   Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı-1983. 13. Bardakci Murat. Maragali Abdulkadir. İstanbul-1986.

35.  Seyidova S.A. Azərbaycan mərasim musiqisi. Bakı-1994.

36.  Səfərova  Z.- «Azərbaycanın musiqi elmi» (XIII-XX əsrlər). Bakı: «Elm», 1998

37.  Səfərova Z. Qədim Azərbaycan musiqi teminləri lüğəti. (S.Urməvi,Ə.Marağayi  və M.M.Nəvvabın risalələri əsasında). Bakı, «Təbriz» , 1997. səh. 51

38.  Təhmasib M. Azərbaycan xalq dastanları. B., 1972. s.142

39.  Türk Musikisi tarihi. Derleme (2. Cilt). tarihsiz.

40.  Vəliyev K.N. «Kitabi-Dədə Qorqud» və musiqi. «Qobustan» toplusu, 1976, N-2.

41. Ülkər Nəsirova «Azərbaycan bəstəkarlarının yaradıcılığında milli hərbi musiqi ənənələrinin təcəssümü». Monoqrafoya, I hissə, Bakı — 2018

Rus və ingilis dilində:

1.    Военная история башкир. Уфа. Башкирская энциклопедия. 2013.

2.    Военная музыка // Музыкальная энциклопедия. — М.: Советская энциклопедия, 1973. — Т. 1. — С. 815—821. — 1072 с.

3.     Военно-энциклопедический словарь/ Пред. Гл. ред. комиссии Н. В. Огарков.- М.: Воениздат, 1983

4.    Вопросы воинского воспитания \ Сборник статей. Москва, Воениздат -1985-178 с.

5.    Касимов.К. A. Музыкальная культура Азербайджана. XVI-XVIII вв. «Исскуство Азербайджана» . VIII, Баку, 1962.

6.    Искендерова Н. Исмаил Гаджибеков. Баку, 2017 Нравственные основы воинской дисциплины. М. 87 г.

7.    О долге и чести воинской в Российской Армии, Собрание материалов, документов и статей, Воениздат, Москва — 1990 г.

8.    Проблемы воинского воспитания, Воениздат, Москва-1979 г. — 273 с.

9.    Серых В.Д. «Воинские ритуалы» М. 86 г.

10. Рзаев Н.И. Некоторые вопросы искусства Азербайджана древнего периода // Исследования и материалы по архитектуры и искусству Азербайджана. Баку, АН. Азерб., ССР, 1966, 150- 159с.

11. Marsigli L. F., Stato militare deirimperio ottomanno…, La Haye — Amsterdam, 1732 (рус. пер.- Mapсильи Л.-Ф., Военное состояние Оттоманской империи…, ч. 1-2, СПБ, 1737);

12. Farmer H. G., Military music, L., (1950);

13. Mamedov T. A. Tradiüionnıe napevı azerbaydjanskiy aşuqov. Baku, 1988.

İnternet mənbələr:

14. “Традиции и воинские ритуалы в вооруженных силах Российской Федерации” — Чусанков С.С., Наумлюк А.Г. scienceforum.ru https://www.scienceforum.ru/2017/2359/33794

Ulkər NASİROVA  [Musiqişünas]

Related posts

Оставить комментарий