Musiqi, mədəniyyətimizdə və gündəlik həyatımızda çox vacib bir rol oynayır. Gündəlik həyat haqqında düşünərkən musiqi müxtəlif sosial və təhsil fəaliyyətlərində iştirak edir. Həyatımızın bir çox sahələrində: teatr, televiziya, film, ibadət, tətil, ad günü, hökumət və hərbi mərasimlərdə musiqi mühüm rol oynayır. Bir çox mərasimlərin əksəriyyətində musiqinin iştirakı və əhəmiyyəti var. Bütün qeyd olunan bu kimi vacib məqamları nəzərə alsaq, doğuşdan etibarən valideynlərin sevincini, sevgisini ifadə etmək, uşaqlarını məşğul etmək və ya sakitləşdirmək, yatırtmaq üçün instinktiv olaraq musiqidən istifadə etmələri təəccüblü deyil. Evdə isə musiqi, ailə mədəniyyətimizin, gündəlik təcrübələrimizin təbii bir hissəsi ola bilər. Belə ki, valideynlər, musiqinin uşağın inkişafına necə təsir göstərə biləcəyini, sosial bacarıqlarını artıracağını və hər yaşdan olan uşaqlara fayda verə biləcəyini öyrənərək öz işlərini bu təbii instinktlər üzərində qura bilərlər. Lakin bu məqamda xüsusilə qeyd edilməlidir ki, söhbət uşaqların yaşına uyğun olan müsiqidən gedir. Çox təəssüflər olsun ki, bu gün bəzi valideynlər evladlarına uşaqlar üçün olmayan, hətta bayağı (məsələn, el şənliklərində dinlədikləri və rəqs etdikləri mahnıları) musiqiləri dinlədir, rəqs etməyə məcbur edir və bununla da onların erkən yaşlardan etibarən zövqlərini korlayırlar. Hətta bir çox valideynlər son zamanlar uşaqların gec yaşda dil açmalarından, danışmamalarından, aqressiv, yuxusuz olmalarından şikayət edirlər. Əgər bir valideyn uşaqla danışmırsa, məşğul olmursa, hələ də nə olduğu məlum olmayan, zövqsüz, heç sözlərini mənim belə çətinliklə anlayıb, çox zaman da heç bir məntik tapmadığım bir musiqini, mahnını onlara dinlədib, açıq desək onun sakit qalması üçün başlarından edirlərsə, bu zaman hansı düzgün formalaşmadan, inkişafdan söhbət gedə bilər? Əziz valideynlər heç olmasa uşaqlarınızı yatırdarkən onlara sakit bir musiqi sədalarının müşayiəti ilə maraqlı kitablar oxumağa çalışın. Hətta oxuyarkən yola verməyin, baş verən hadisələri obrazlı şəkildə onlara çatdırmağa çalışın. Ola bilər ki, sizin uşaqlarızın başqa problemləri də var. Bu mümkündür. Lakin, fikrimcə digər başqa məqamlarla yanaşı, qeyd etdiyim bu kimi bəzi nüanslar da belə problemli uşaqlara təsir edən amillərdəndir. Bu kimi məqamların dəfələrlə şahidi olmuşam. Əziz valideynlər, əgər siz uşaqlar üçün olan mahnıların sözlərini dinləsəniz, orada dəfələrlə təkrarlanan qısa ifadələrə rast gələrsiniz. Həmin bu təkrarlanmalar mahnının mövzusuna uyğun olaraq sizin uşaqlarınıza müəyyən sözləri öyrənmələrinə böyük təsir göstərir. Xüsusilə də hər hansı bir mahnını sizin evladınız qısa videoçarx, görüntü ilə dinləsə, bu daha da ikiqat və effektiv təsir gücünə malik olur. Məsələn, belə uşaq mahnılarına nümunə olaraq — “Qatar” (sözləri Zeynal Cabbarzadə və musiqisi Fikrət Amirov), “Oynaq topum” ( sözləri Mirmehdi Seyidzadə və musiqisi Soltan Hacıbəyov), “Sərçə” ( sözlər Teymur Elçin və musiqisi Oqtay Zülfüqarov), “Cücələrim” ( sözləri Tofiq Mütəllibov və musiqisi Qəmbər Hüseynli) və s. bu kimi uşaq mahnılarını göstərmək olar. Sual oluna bilər ki, bəs bu mahnıları görüntü ilə necə əldə edək? Bunun çox sadə bir yolu var. Siz Youtub – da istədiyiniz mahnını və yaxud da əgər bu mahnıların adlarını bilmirsinizsə, məlumatsızsınızsa sadəcə olaraq orada “Uşaq mahnılar”ı yazıb axtarış versəniz bununla bağlı olan bütün kanallar sizin qarşınıza çıxacaq.
Bütün bunlarla yanaşı, eyni zamanda erkən uşaqlığın inkişafında da müsiqi xüsusi əhəmiyyətə və təsirə malikdir. Əksər məktəbəqədər uşaqlar musiqi dinləməyi və ya oxumağı sevirlər. Araşdırmalar göstərir ki, zəngin bir musiqi mühiti yaradan valideynlər uşaqlarını əyləndirməklə yanaşı, onlara vacib olan həm ümumi, həm də musiqi vərdişlərini inkişaf etdirməyə kömək edirlər.
Əgər biz sağlam cəmiyyət istəyiriksə, o zaman gəlin körpələrimizi sağlam təfəkkürdə və hər bir nöqteyi-nəzərindən zövqlü yetişdirək. Çünki sağlam cəmiyyətin formalaşması elə bizim evimizdən, ailəmizdən başlayır.
Ülkər NƏSİROVA [Musiqişünas]


